News

09 Jul
Pilot proqram akkreditasiyasının nəticələrini yekunaşdırılıb

22, 26 və 30 iyun 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti ekspert missiyası həyata keçirilmişdir.

Zoom platforması üzərindən baş tutan missiya Tvinninq layihəsinin “Hüquqi-tənzimləyici çərçivəyə düzəlişlərə dair tövsiyələrin verilməsi” adlı  dördüncü komponenti  çərçivəsində baş tutmuşdur.

Onlayn missiya  Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin (ISM University of Economic and Management) Keyfiyyət Mərkəzinin direktoru Jolita Butkiene, həmin ölkənin Vilnüs Gediminas Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nora Skaburskiene və Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin (QAHE) direktoru Jolanta Silka tərəfindən həyata keçirilmişdir.     

Missiyanın məqsədi Tvinninq layihəsi və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən oktyabr 2019-cu il-yanvar 2020-ci il müddətində pilot universitetlərdə seçilmiş proqramlar üzrə birgə aparılmış simulyativ akkreditasiyanın nəticələrinin yekunlaşdırılması və proqram akkreditasiyası sahəsində beynəlxalq təcrübənin paylaşılması olmuşdur.

Üç günlük missiya çərçivəsində Tvinninq layihəsinin ekspertləri daha əvvəl Tvinninq layihəsi və TKTA-nın Akkreditasiya və Lisenziya şöbəsinin əməkdaşları tərəfindən birgə hazırlanmış və seçilmiş proqramların simulyativ akkreditasiyası zamanı sınaqdan keçirilmiş “Təhsil proqramlarının qiymətləndirilməsi metodologiyası üzrə təlimat kitabçasını”, eləcə də “Proqram akkreditasiyası üzrə qaydalar” adlı layihə sənədini bir daha nəzərdən keçirmiş, simulyativ qiymətləndirmələrin nəticələri və qabaqcıl Avropa təcrübəsini nəzərə alaraq bu sənədlərin daha da təkmilləşdirilməsi üçün öz təkliflərini vermişlər.

Bundan başqa, 30 iyun-da sözügedən missiya çərçivəsində simulyativ proqram akkreditasiyasının nəticələri və proqram akkreditasiyası üzrə beynəlxalq təcrübə mövzusunda onlayn seminar keçirilmişdir.

Seminara pilot universitetlərdə proqram akkreditasiyasından əvvəl özünütəhlil hesabatlarının yazılmasına cəlb olunmuş universitet nümayəndələri, eləcə də simulyativ proqram akkreditasiyalarını həyata keçirən ekspert komissiyalarında təmsil olunan yerli ekspertlər qoşulmuşdur.

Onlayn seminar zamanı ekspertlər simulyativ proqram akkreditasiyasının nəticələrini təqdim etmiş, bütövlükdə akkreditasiya prosesində müşahidə etdikləri müsbət cəhətləri və çatışmamazlıqları vurğulamış, qiymətləndirilən bütün sahələr üzrə əldə olunan nəticələri, xüsusilə də ən mühüm məqamları seminar iştirakçılarının diqqətinə çatdırmışlar.

Ekspertlər eləcə də proqram səviyyəsi üzrə qiymətləndirmə meyarlarının simulyativ akkreditasiyanın nəticələri və müvafiq qanunvericilik sənədləri nəzərə alınmaqla yenilənməsinə dair təqdimat etmişlər.

Digər bir təqdimat proqram akkreditasiyası sahəsində qabaqcıl təcrübə ilə bağlı olmuş və Tvinninq layihəsinin eksperti Latviya, Estoniya, Avstriya və Norveçdə bu sahədə mövcud olan təcrübəni iştirakçıların diqqətinə çatdırmışdır.  

Qeyd edilməlidir ki, Tvinninnq layihəsi çərçivəsində 8 universitetdə (BDU, ADNSU, ADPU, AzTU, BMU, ADU, SDU) 6 təhsil proqramı üzrə ümumilikdə 23 simulyativ akkreditasiya aparılıb.