“Azərbaycanda ali təhsilin gücləndirilməsinə
dəstək” adlı Tvinninq layihəsi çərçivəsində layihənin İdarəetmə Komitəsinin
7-cı iclası 27 fevral 2020-ci il tarixində Təhsil Nazirliyində keçirilib.
İclasda Avropa İttifaqı tərəfindən layihəni
icra edən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, benefisiar ölkədən
Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin heyəti, eləcə
də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı iştirak edib.
Təhsil Nazirliyinin Elm, ali təhsil və orta
ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev iclası açıq
elan edərək Fransa, Litva və Latviyadan olan layihə rəhbərlərini salamlayıb.
Daha sonra Piriyev son rüb ərzində layihə çərçivəsində
görülmüş işlər barədə qısa məlumat verərək bu barədə daha ətraflı məlumatın
layihənin ayrı-ayrı komponentlərinin rəhbərləri tərəfindən təqdim olunacağını
deyib.
Piriyev son dövr ərzində layihə çərçivəsində
pilot olaraq seçilmiş təhsil proqramlarının yenilənməsi istiqamətində aparılan
işi xüsusilə vurğulayıb.
“Çalışacağıq ki, layihə çırçivəsində görülən
işlər kağız üzərində qalmasın və həyata keçirilsin,” deyə Piriyev vurğulayıb.
Daha sonra layihənin Fransadan olan Layihə
Rəhbəri Bruno Curvale bildirib ki, “layihənin gedişatı bizi qane edir.”
Layihənin Rezident Tvinninq Müşaviri Liza
Bıdanova öz növbəsində yeddinci rüb üzrə layihənin icrası istiqamətində
aparılan işləri komponentlər üzrə iştirakçıların diqqətinə çatdırıb
“Beşinci rübdə 17 ekspert missiyası və 85
iş günü həyata keçirilmişdir,” RTM bildirib.
Layihənin koordinatoru bildirib ki, layihənin
son rübü ərzində həyata keçirilmiş missiyalar əsasən pilot universitetlərdə seçilmiş
təhsil proqramlarının simulyativ qiymətləndirilməsinin həyata keçirilməsi ilə
bağlı olub və ümumilikdə pilot universitetlərdə 19 simulyativ qiymətləndirmə həyata
keçirilib.
Bundan başqa, seçilmiş ixtisaslar üzrə təhsil
proqramlarının yenilənməsi istiqamətində iş Tvinninq layihəsinin ekspertləri tərəfindən
yekunlaşdırılıb və hal-hazırda bu iş universitet nümayəndələri tərəfindən davam
etdirilməkədir.
Daha sonra benefesiar ölkədən olan
komponent rəhbərləri son rüb ərzində komponentləri çərçivəsində görülən işlər
barədə qısa məlumat veriblər.